Həkim kadrlarının hazırlanması və ölkədə saxlanılması ilə bağlı hələ də müəyyən problemlər mövcuddur"
Bu gün dünyanı əhatə edən müharibələr, qarşıdurmaların bəşəriyyətə vurduğu zərərlər ortadadır. Ekoloji balans pozulub, insan həyatı üçün daha təhlükəli olan virusların yayıldığının şahidi oluruq. Məhz COVID-19 pandemiyasından sonra qlobal səhiyyə orqanlarının yeni infeksiyaların yaranması, yayılmasına qarşı hazırlaşması zəruri addımlar kimi dəyərləndirilir. Belə bir şəraitdə tranzit ölkə olan Azərbaycanın coğrafi olaraq uzaq ölkələrdə yaranan viruslardan qorunması üçün hansı tibbi hazırlıqlar gördüyü maraqla izlənir.
Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Müşfiq Məmmədlidir:
– Məlumdur ki, bu gün dunya yeni qorxulu virusların yayılması ilə bağlı SOS siqnalı verir. Afrikada meymunçiçəyi, Hindistanda isə nipah viruslarının insanların sağlamlığı, həyatı ilə bağlı ciddi təhdid yaratdığı deyilir. Buna qarşı ölkə səhiyyəsi hazırdırmı və bizdə yayılma riski nə qədərdir?
– Azərbaycanın səhiyyə sistemində qanunvericilik bazası, bu sahədə görülən işlər və vaxtında həyata keçirilən tədbirlər göstərir ki, kritik infeksiyaların yayılması zamanı səhiyyə sistemi kifayət qədər effektiv mübarizə aparmaq imkanına malikdir. Bu istiqamətdə görülən işlər və səhiyyə sisteminin müdaxiləsi Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilib.
Bununla yanaşı, təbii ki, daim diqqətli olmaq vacibdir. Xüsusilə qış aylarında virusların yayılma riski və virus infeksiyalarının artması səhiyyə sistemindən daha yüksək hazırlıq tələb edir. Burada ilk növbədə səhiyyə sisteminin daha da gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Müxtəlif virus infeksiyalarına gəldikdə isə, hazırda onların bir çoxu Azərbaycan üçün xarakterik və endemik hesab edilmir. Lakin buna baxmayaraq, müvafiq səhiyyə qurumları bu istiqamətdə qabaqlayıcı tədbirlər görürlər.
Təbii ki, insanların, bütövlükdə ətraf mühitin sağlamlığı üçün yaranan təhlükə, həmçinin mədəni, iqtisadi əlaqələri zəifləməklə yanaşı dünya çarxını dondura, qurulan əlaqələrin qırılmasına təsir göstərə bilir. Bu mənada virus pandemiyasının hansı təsir və fəsadlara malik olduğunu karonavirus pandemiyası dövründə bəşəriyyətin üzləşdiyi böyük itkilərin sayəsində əyani olaraq görə bildik. Pandemiyanın baş verməməsi üçün dünya dövlətləri əlaqəli şəkildə işləməyi bacarmalıdır.
– COVID pandemiyasının ölkənin bütün sahələrinə təsirləri və yaratdığı psixoloji gərginliyin fəsadlarını hələ də hiss edirik. İndiki durumda insanların yeni pandemiya dalğasına qarşı psixiloji hazırlığını necə dəyərləndirərdiniz?
– Belə situsiyalarda əhalinin psixoloji cəhətdən hazırlanması, ümumilikdə səhiyyə maarifləndirilməsinin aparılması xüsusi önəm daşıyır. Bu istiqamətdə həm Səhiyyə Nazirliyi, həm də digər aidiyyəti qurumlar tərəfindən müəyyən işlər görülür. Eyni zamanda maarifləndirmə işlərinin daha da gücləndirilməsi vacibdir. Xüsusilə ilkin səhiyyə xidmətlərində həm səhiyyə maarifləndirilməsinin, həm də preventiv tibbin tətbiqi stimullaşdırılmalıdır. Açıq şəkildə qeyd etmək lazımdır ki, səhiyyənin ilkin pilləsinin inkişaf etdirilməsi üçün hələ kifayət qədər işlər görülməlidir.
– Bu gün ən aktual problemlərdən biti oxşar simptomlu infeksiya və viruslar yayılarkən insanların aptektlərdən kütləvi şəkildə müvafiq dərmanları əldə etməyə çalışmasıdır. Bu sahədə idxaldan ciddi şəkildə asılı olduğumuz da bir reallıqdır. Bu cür tələb olunan dərman pereparatlarının ölkə daxilində istehsalı və ucuz qiymətə satışının təşkil nə dərəcədə mümkün ola bilər?
– Dərman təminatı bütün dünyada problemli olaraq qalır. Heç bir ölkə özünü dərman preparatları ilə tam şəkildə təmin edə bilmir və bu, praktik olaraq mümkün də deyil. Dərman preparatlarının çeşidi çox genişdir və bəzi hallarda onların idxalı daxili istehsaldan daha səmərəli olur. Bununla belə, hər bir ölkə kimi Azərbaycan da daxili dərman istehsalını stimullaşdırmalıdır. Xüsusilə, İcbari Tibbi Sığortanın tətbiqindən sonra stasionar səhiyyə müəssisələrinin, yəni xəstəxanaların dərman təminatında yerli istehsalın payını artırmaq mümkündür. Hazırda bu göstəricinin, təxminən, 40–50 faiz səviyyəsində təmin edilməsi real görünür. Bildiyiniz kimi, həm hökumət xətti ilə, həm də sənaye parklarında bu istiqamətdə istehsal prosesləri həyata keçirilir. Hal-hazırda bir neçə əczaçılıq müəssisəsi tam gücü ilə fəaliyyət göstərir, digərləri isə istehsal imkanlarını mərhələli şəkildə artırır. Xüsusilə Pirallahı Sənaye Parkında dərman preparatlarının istehsalı tam şəkildə yoluna qoyulduqdan sonra, daxili bazarın əhəmiyyətli bir hissəsinin yerli istehsal hesabına təmin olunması mümkün olacaq. Bununla belə, bazarı nisbətən kiçik olan ölkələrin dərman təminatını tam şəkildə daxili istehsal hesabına qarşılaması real deyil. Bu istiqamətdə əczaçılıq sahəsi ilə bağlı məsələlər qanunvericilikdə əksini tapıb və bu sahənin mütəxəssisləri daha ətraflı və dolğun fikirlər səsləndirə bilərlər. Mənim qənaətimə görə isə, dərman preparatlarının müəyyən hissəsinin daxili istehsal hesabına təmin edilməsi tamamilə mümkündür və bu istiqamətdə atılan addımlar müsbət nəticə verəcək.
– Hər il açıqlanan statistika ixtisaslı həkimlərin sayının azaldığını göstərir. Belə bir vəziyyət nə üçün yaranır və yeni pandemiya təhlükəsi fonunda nə dərəcədə risklər yaradır? Çıxış yolunu nədə görürsünüz?
– Biz təhsil almış mütəxəssislərimizin öz ölkəmizdə qalaraq fəaliyyət göstərməsini istəməli və bunu təşviq etməliyik. Xüsusilə qeyd etmək lazımdır ki, hazırlıq və təlim mərhələsində digər ölkələrin, beynəlxalq mühitin təsiri artıq bir reallıqdır. Azərbaycanın ixtisaslı mütəxəssisləri Avropanın bir çox ölkələrində, xüsusən də Almaniyada bu sahədə fəaliyyətə cəlb olunur və orada uğurla çalışırlar.
Bu vəziyyətin bir tərəfdən müsbət cəhəti ondan ibarətdir ki, mütəxəssislərimizin beynəlxalq mühitdə tanınması və peşəkar təcrübə qazanması təmin olunur. Digər tərəfdən isə bu proses ölkəmiz üçün müəyyən mənada kadr axınına, xüsusilə də ixtisaslı mütəxəssislərin xaricə üz tutmasına səbəb olur. Bu istiqamətdə məqsədyönlü tədbirlərin görülməsi zəruridir. Bununla yanaşı, ölkə daxilində real fəaliyyət göstərən həkimlərimizin də iş şəraiti yaxşılaşdırılmalı, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğı davamlı olaraq artırılmalıdır. Səhiyyə qurumları yerlərdə bu istiqamətdə bütün zəruri təşviqat və dəstək tədbirlərini həyata keçirməlidir. Həkim kadrlarının sayının azalmasına yol verilməməlidir.
Qeyd etmək lazımdır ki, dünyada bu sahədə müəyyən tendensiyalar müşahidə olunur. Azərbaycanda isə hazırda iki tip ali təhsil müəssisəsi həkim və orta tibb kadrlarının hazırlanması ilə məşğuldur. Bununla belə, həkim kadrlarının hazırlanması və ölkədə saxlanılması ilə bağlı hələ də müəyyən problemlər mövcuddur. Xüsusilə regionlarda bu prosesin qarşısının alınması üçün mütəxəssis hazırlığı, təlim və stimullaşdırıcı tədbirlər daha da gücləndirilməlidir.
Tahirə Qafarlı